Uefa Çempionlar liqasının qrup mərhələsində 3-cü oyunların startı verilir.

Maraqla gözlənilən görüşlərdən biri İtaliyada keçiriləcək.  “İnter” doğma meydanda “Barselona”  ilə qarşılaşacaq. Hər iki komanda görüşə bir sıra itki ilə çıxacaq. İnter Marselo Brozoviç və Romelu Lukakunun köməyindən yararlana bilməyəcək. İspaniya təmsilçisinin heyətində isə Memfis Depay, Frenki de Yonq, Jül Kunde və Hektor Belyerin görüşdə iştirak etməyəcəklər. Oyundan əvvəl baş məşqçilər jurnalistlərin suallarını cavablandırıblar. “İnter”ə rəhbərlik edən Simone İnzagi rəqibin üstün cəhətlərini vurğulamaqla yanaşı komandasının qələbə imkanlarını da dəyərləndirib: “Fikrimcə, “Barselona” hazırda Avropada ən yaxşı futbol oynayan 3 komandadan biridir. Topla yüksək səviyyədə oynamağı bacaran futbolçuları çoxdur. Ən böyük üstünlükləri isə Levandovski kimi hücumçuya sahib olmalarıdır. Azarkeş meydanda əsl mübarizə görəcəklər. İstədiyimiz nəticəni qazanmaq üçün sona qədər vuruşacağıq”.

“Barselona”nın baş məşqçisi Xavi Hernandez isə bu oyundakı nəticənin hər iki komanda üçün vacib olacağını bildirib: “Interlə oyun bizim üçün olduqca vacibdir. 3 xala ehtiyacımız var. “ İnter” də “Bavariya” ilə görüşdə məğlub olub. Buna görə də rəqabət ən yüksək həddə olacaq. Ənənəvi oyun tərzimizə sadiq qalacağıq. Ümid edirəm ki, 90 dəqiqənin sonunda sevinən tərəf biz olacağıq”.

Qeyd edək ki, “İnter” – “Barselona” matçı bu gün saat 23:00-də başlanacaq. Görüşü sloveniyalı Slavko Vinçiçin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.